Qardaş kimi...
“Böyük bacılar, böyük qardaşlar” layihəsinin məramı müqəddəs və aktualdır
Uşaq evi. Bu binanın divarları özünə neçə yalan vədin, neçə ümidin, neçə məyusluğun xatirələrini, göz yaşlarını hopdurub. Qonaqlar gəlir, hədiyyələr gətirir, oynayır, gülür, söz verir və çıxıb gedirlər. Uşaqlar isə gözləyir. Axı onların dünyasında yalan yoxdu. Onlar yaddan çıxarmırlar. Gözləyirlər. Kimi anasını, kimi atasını, kimi buradan çıxacağı günü, kimi Moskva səfərini... Yerinə yetən arzular da olur, onların uşaq ürəyində dəfn olunan arzular da. Zaman keçir, ümidlər tozlanır. Çoxları unudulduqlarını başa düşür - böyüyürlər. Onların tanıdığı dünya yalanların, bədbəxt talelərin, heç vaxt gülməyən üzlərin dünyası olur.
Ülviyyənin ümid evi
Gözləri yol çəkənlərdən biri də Ülviyyədir. 3 saylı uşaq evi həm ona, həm də onun ümidlərinə ev sahibliyi edir. 15 yaşlı Ülviyyənin gələcək barədə öz planları var. Ancaq onun arzularının yerinə yetməsi anasından asılıdır. Anası ona söz verib.
Ülviyyənin söhbəti: “Mən 9-cu sinfi qurtarandan sonra peşə məktəbində təhsil almaq istəyirəm. Müəllimə olacam. Həm də anam söz verib ki, ora qəbul ola bilsəm, məni burdan götürəcək. Yoxsa, burda qalacam. Ona görə dərslərimi yaxşı oxumağa başlamışam”. Ülviyyənin özündən kiçik bir bacısı da burdadır. Ona analığı Ülviyyə edir. “Tez-tez dalaşırıq. Ancaq birinci həmişə mən barışıram. Bacımın olmağı yaxşıdır. Amma mən həmişə istəmişəm ki, böyük bacım olsun. O da mənimlə maraqlansın”.
Daha bir arzu. Lakin bu arzunun taleyi başqa oldu. Bu arzu yerinə yetdi.
Arzuları kimlər gerçəkləşdirir
Ülviyyənin və onun kimi bacıya, qardaşa, dosta ehtiyacı olan neçə uşağın arzusunu “Böyük bacılar, böyük qardaşlar” layihəsi reallaşdırdı. Bu barədə layihənin müəllifi Şəbnəm Alməmmədova danışır: “Həmişə fikirləşirdim ki, biz uşaq evlərinə gedir, onlara hədiyyələr aparır, maddi yardım göstəririk, sonradan isə çox vaxt əlaqələr kəsilir. Ancaq mən istəyirdim ki, bu əlaqələr davamlı olsun. Ona görə məndə belə bir ideya yaranmışdı ki, uşaq evlərində olan hər uşağa bir dost təyin edək. Həmin dost o uşaqla məşğul olsun, onunla həmişə əlaqə saxlasın. Lakin bunlar fikir olaraq qalırdı. Mən Amerikada təhsil alanda ”Böyük bacılar, böyük qardaşlar" layihəsi haqqında eşitdim. Bu layihənin məğzi mənim fikirlərimlə üst-üstə düşürdü. Mən də bu layihəni Azərbaycanda hazırlamaq qərarına gəldim".
Layihənin iştirakçıları 40-a yaxın universitet tələbəsi və uğurlu karyera qurmuş gənc uşaq evindəki “qardaş” və “bacı”larına kömək edir. Bəlkə də bu gənclər həmişə kimlərdən, nələrdənsə asılı olan bu körpələrin gələcəyini bir balaca dəyişə bildilər, onlara düzgün yolu göstərdiər, ümidlərin, xəyalların puç olmasının qarşısını aldılar. Bəlkə Ülviyyə də məktəbə qəbul ola biləcək, evinə qayıdacaq... Mənim bacım, qardaşım Bu layihə çərçivəsində “bacı”, “qardaş” olmuş bəzi uşaqlar da danışdılar.
Nərmin və Pərvanə bir-birilərini ən çox istəyən cütlükdür. Belə bir işdə iştirak etmək Nərminin çoxdanki arzusu idi. Bu layihənin başlanması onun ürəyincə olub, öz bacısından çox razıdır. Nərminin söhbəti: “Pərvanə ilə tanışlıqdan sonra gördüm ki, gözlədiyimdən tam fərqli bir uşaqdır. İlk gündən ünsiyyətimiz alındı. Bir-birmizə tez öyrəşdik”. 9 yaşlı Pərvanə də bacısını çox istəyir. Ondan bacısı haqqında soruşanda Pərvanə belə cavab verdi: “Onun da adı Nərmindi, anamın da. Həm də ondan xoşum gəldi”.
Nərmin öz bacısına əsl həyatı, uşaq evinin divarlarının o tayında olan həyatı göstərmək istəyir. O, öz işinin məsuliyyətini başa düşür: “Əgər mən bu işə başlamışamsa, demək, sona qədər davam edəcək. Onu ailəmlə də tanış edəcəm. Başa düşürəm ki, artıq geriyə yol yoxdur”.
Rasim və Ruslan da qardaşlaşıblar. Ruslan bir az utancaqdır. Lakin Rasim balaca qardaşından razıdır: “Utancaq uşaq olsa da, düşünürəm ki, belə daha yaxşıdır. Yavaş-yavaş hər şeyə öyrəşəcək. Ruslan tərbiyəli, hər şeyin yerini bilən uşaqdır. Bu da mənim çox xoşuma gəlir”. Onlar yeni tanış olsalar da, artıq aralarında sirləri var - lap əsl qardaşlar kimi. Uşaq evindəki uşaqların yaşantısı, sonrakı həyatı ilə həmişə maraqlanan Rasim qardaşı ilə tanışlığına peşman deyil.
Leyla və Kənan cütlüyü digərlərindən fərqlənir. Kənan bacı istədiyi üçün qaydaları pozub ona bacı veriblər. Böyük bacısı Leyla onunla ilk tanışlığı barədə danışdı: “Çox utancaq oğlana oxşayırdı. Əlimdən də tutmaq istəmirdi. Soruşdum ki, ay Kənan, sən bacı istəmirdin? Utana-utana dedi ki, nə bilim, qardaş istəyirdim. Axı vərəqə bacı yazmışdı”.
Ancaq indi Kənanla Leyla dostlaşıblar. Kənanın utancaqlığı da tez keçib. Leylanın “gəzməyə hara getmək istəyirsən” sualına isə Kənan bir sözlə cavab verib: “Evə...” Leylanın söhbəti: “Mən tamam başqa cavab almaq məqsədilə verdiyim suala belə cavab alanda doğrudan da pis oldum”. Kənana da söz veriblər. “Yayda anamla Moskvaya gedəcəm” deyir Kənan.
Bu uşaqların itirilmiş illərinin, doya-doya yaşaya bilmədikləri uşaqlıqlarının, axan göz yaşlarının əvəzini vermək, ailələrinin yerini doldurmaq yəqin ki, çətin olar. Ancaq onların körpə qəlbində cücərən ümidləri gün işığına çıxarmaq, arzularını uşaq evinin divarlarının o üzünə aşırmaq, yaşamaq üçün imkan yaratmaq lazımdır. Valideyn sevgisindən məhrum olsalar da, onlara dost əli uzatmaq mümkündür. Ancaq gərək heç kəs onlara yerinə yetirə bilməyəcəyi, yalan vədlər verməsin. Çünki onlar gözləyəcəklər. Hər ürəkdə qalan arzu isə onların qəlbini daşlaşdıracaq, onlar həyatın yalnız bir üzünü görəcəklər, uşaqlıq xatirələrində yalnız yalan qalacaq.
İlahə Əkbər
вторник, 22 апреля 2008 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
1 комментарий:
Отправить комментарий