вторник, 22 апреля 2008 г.

Pervinin yazisi


Reallıq kabusdur, amma, onlar hələ ki, şirin röyalarında yaşayırlar... Hər birinin gözünə baxanda görülməsi o qədər də çətin olmayan qeyri – müəyyənliklər. Hansı oyunu daha çox sevdiklərini soruşanda, hansı növ kitablara üstünlük verdiklərini xəbər alanda belə, hələ də bir ağızdan: “HAMISINI” deməkləri məni belə düşünməyə sövq edir: “Ne olursa olsun, onların yanında qeyri – müəyyəni müəyyən etməyə cəhd etmək üçün bir daha güc gəlir insana.”
İstəyirəm sizlərə balaca bacım Nərgizin həyatından danışım. Utancaq, bir o qədər də sakit olan səkkiz yaşlı Nərgizi yalan danışmağa məcbur edən qrup rəhbərindən danışım. Hələ də adını dəqiqləşdirə bilmediyim bu “üzdəniraq” xanım bacımı və orda olan bir çox uşaqları ayaqqabısının dabanı ilə vuraraq cəzalandırma yolunu seçibmiş özünə. Üstəlik, himayəsindəki uşaqları şəxsiyyət kimi formalaşdırmağa həm görəvli, həm borclu olan bu şəxs onlara yalan danışmaq kimi (Nərgiz ilk öncə üzündəki yaranın səbəbini yatağından yıxılaraq meydana gəldiyini açıqlamışdı) ucuz bir yola təşviq edərək, heç nə olmamış kimi davranır. Görəsən, belə insanlar düşünmürlərmi ki, dörd divar arasında ümid tapmağa çalışan gələcəyimizi şiddət tətbiq etməklə tərbiyələndirməyi yeganə variant kimi görənləri Allah necə cəzalandıracaq. Lakin, öz növbəmdə hamınızı bu cür halların üstündə dayanmağa və bacardığımız qədər aradan qaldırmağa çağırıram.
Sonuncu görüşümüz xoş xatirələrlə də yadda qalan oldu. Qardaş və bacılarımızla istər qrup daxili, istərsə də hamılıqla oynadığımız oyunlar, Xaqaninin ad gününün təntənə ilə qeyd olunması, həmin günü həyatım boyunca unuda bilməyəcəyim xatirələrlə dolu günlər sırasına əlavə etdi. Uşaqların bizi səbirsizliklə gözlədiyini bilmək onlar qədər məni də növbəti görüşü həyacanla gözləməyə vadar edir...


BBBQ haqda "Gun Seher" qezetindeki yazi

Qardaş kimi...

“Böyük bacılar, böyük qardaşlar” layihəsinin məramı müqəddəs və aktualdır


Uşaq evi. Bu binanın divarları özünə neçə yalan vədin, neçə ümidin, neçə məyusluğun xatirələrini, göz yaşlarını hopdurub. Qonaqlar gəlir, hədiyyələr gətirir, oynayır, gülür, söz verir və çıxıb gedirlər. Uşaqlar isə gözləyir. Axı onların dünyasında yalan yoxdu. Onlar yaddan çıxarmırlar. Gözləyirlər. Kimi anasını, kimi atasını, kimi buradan çıxacağı günü, kimi Moskva səfərini... Yerinə yetən arzular da olur, onların uşaq ürəyində dəfn olunan arzular da. Zaman keçir, ümidlər tozlanır. Çoxları unudulduqlarını başa düşür - böyüyürlər. Onların tanıdığı dünya yalanların, bədbəxt talelərin, heç vaxt gülməyən üzlərin dünyası olur.

Ülviyyənin ümid evi

Gözləri yol çəkənlərdən biri də Ülviyyədir. 3 saylı uşaq evi həm ona, həm də onun ümidlərinə ev sahibliyi edir. 15 yaşlı Ülviyyənin gələcək barədə öz planları var. Ancaq onun arzularının yerinə yetməsi anasından asılıdır. Anası ona söz verib.

Ülviyyənin söhbəti: “Mən 9-cu sinfi qurtarandan sonra peşə məktəbində təhsil almaq istəyirəm. Müəllimə olacam. Həm də anam söz verib ki, ora qəbul ola bilsəm, məni burdan götürəcək. Yoxsa, burda qalacam. Ona görə dərslərimi yaxşı oxumağa başlamışam”. Ülviyyənin özündən kiçik bir bacısı da burdadır. Ona analığı Ülviyyə edir. “Tez-tez dalaşırıq. Ancaq birinci həmişə mən barışıram. Bacımın olmağı yaxşıdır. Amma mən həmişə istəmişəm ki, böyük bacım olsun. O da mənimlə maraqlansın”.
Daha bir arzu. Lakin bu arzunun taleyi başqa oldu. Bu arzu yerinə yetdi.

Arzuları kimlər gerçəkləşdirir

Ülviyyənin və onun kimi bacıya, qardaşa, dosta ehtiyacı olan neçə uşağın arzusunu “Böyük bacılar, böyük qardaşlar” layihəsi reallaşdırdı. Bu barədə layihənin müəllifi Şəbnəm Alməmmədova danışır: “Həmişə fikirləşirdim ki, biz uşaq evlərinə gedir, onlara hədiyyələr aparır, maddi yardım göstəririk, sonradan isə çox vaxt əlaqələr kəsilir. Ancaq mən istəyirdim ki, bu əlaqələr davamlı olsun. Ona görə məndə belə bir ideya yaranmışdı ki, uşaq evlərində olan hər uşağa bir dost təyin edək. Həmin dost o uşaqla məşğul olsun, onunla həmişə əlaqə saxlasın. Lakin bunlar fikir olaraq qalırdı. Mən Amerikada təhsil alanda ”Böyük bacılar, böyük qardaşlar" layihəsi haqqında eşitdim. Bu layihənin məğzi mənim fikirlərimlə üst-üstə düşürdü. Mən də bu layihəni Azərbaycanda hazırlamaq qərarına gəldim".

Layihənin iştirakçıları 40-a yaxın universitet tələbəsi və uğurlu karyera qurmuş gənc uşaq evindəki “qardaş” və “bacı”larına kömək edir. Bəlkə də bu gənclər həmişə kimlərdən, nələrdənsə asılı olan bu körpələrin gələcəyini bir balaca dəyişə bildilər, onlara düzgün yolu göstərdiər, ümidlərin, xəyalların puç olmasının qarşısını aldılar. Bəlkə Ülviyyə də məktəbə qəbul ola biləcək, evinə qayıdacaq... Mənim bacım, qardaşım Bu layihə çərçivəsində “bacı”, “qardaş” olmuş bəzi uşaqlar da danışdılar.

Nərmin və Pərvanə bir-birilərini ən çox istəyən cütlükdür. Belə bir işdə iştirak etmək Nərminin çoxdanki arzusu idi. Bu layihənin başlanması onun ürəyincə olub, öz bacısından çox razıdır. Nərminin söhbəti: “Pərvanə ilə tanışlıqdan sonra gördüm ki, gözlədiyimdən tam fərqli bir uşaqdır. İlk gündən ünsiyyətimiz alındı. Bir-birmizə tez öyrəşdik”. 9 yaşlı Pərvanə də bacısını çox istəyir. Ondan bacısı haqqında soruşanda Pərvanə belə cavab verdi: “Onun da adı Nərmindi, anamın da. Həm də ondan xoşum gəldi”.

Nərmin öz bacısına əsl həyatı, uşaq evinin divarlarının o tayında olan həyatı göstərmək istəyir. O, öz işinin məsuliyyətini başa düşür: “Əgər mən bu işə başlamışamsa, demək, sona qədər davam edəcək. Onu ailəmlə də tanış edəcəm. Başa düşürəm ki, artıq geriyə yol yoxdur”.

Rasim və Ruslan da qardaşlaşıblar. Ruslan bir az utancaqdır. Lakin Rasim balaca qardaşından razıdır: “Utancaq uşaq olsa da, düşünürəm ki, belə daha yaxşıdır. Yavaş-yavaş hər şeyə öyrəşəcək. Ruslan tərbiyəli, hər şeyin yerini bilən uşaqdır. Bu da mənim çox xoşuma gəlir”. Onlar yeni tanış olsalar da, artıq aralarında sirləri var - lap əsl qardaşlar kimi. Uşaq evindəki uşaqların yaşantısı, sonrakı həyatı ilə həmişə maraqlanan Rasim qardaşı ilə tanışlığına peşman deyil.

Leyla və Kənan cütlüyü digərlərindən fərqlənir. Kənan bacı istədiyi üçün qaydaları pozub ona bacı veriblər. Böyük bacısı Leyla onunla ilk tanışlığı barədə danışdı: “Çox utancaq oğlana oxşayırdı. Əlimdən də tutmaq istəmirdi. Soruşdum ki, ay Kənan, sən bacı istəmirdin? Utana-utana dedi ki, nə bilim, qardaş istəyirdim. Axı vərəqə bacı yazmışdı”.

Ancaq indi Kənanla Leyla dostlaşıblar. Kənanın utancaqlığı da tez keçib. Leylanın “gəzməyə hara getmək istəyirsən” sualına isə Kənan bir sözlə cavab verib: “Evə...” Leylanın söhbəti: “Mən tamam başqa cavab almaq məqsədilə verdiyim suala belə cavab alanda doğrudan da pis oldum”. Kənana da söz veriblər. “Yayda anamla Moskvaya gedəcəm” deyir Kənan.

Bu uşaqların itirilmiş illərinin, doya-doya yaşaya bilmədikləri uşaqlıqlarının, axan göz yaşlarının əvəzini vermək, ailələrinin yerini doldurmaq yəqin ki, çətin olar. Ancaq onların körpə qəlbində cücərən ümidləri gün işığına çıxarmaq, arzularını uşaq evinin divarlarının o üzünə aşırmaq, yaşamaq üçün imkan yaratmaq lazımdır. Valideyn sevgisindən məhrum olsalar da, onlara dost əli uzatmaq mümkündür. Ancaq gərək heç kəs onlara yerinə yetirə bilməyəcəyi, yalan vədlər verməsin. Çünki onlar gözləyəcəklər. Hər ürəkdə qalan arzu isə onların qəlbini daşlaşdıracaq, onlar həyatın yalnız bir üzünü görəcəklər, uşaqlıq xatirələrində yalnız yalan qalacaq.

İlahə Əkbər

воскресенье, 20 апреля 2008 г.

BBBQ ikinci görüş

Böyük Bacılar Böyük Qardaşların
kiçik bacı-qardaşları ilə növbəti görüşü
20 Aprel 2008

Qruplarda iş